SƏSİN və ÖZÜN
Sabutay: Javer, Vsotsk, Baycan və polis xofu
Sadaladığım sözlər nədənsə ilk olaraq gözlərim önünə Viktor Hüqonun yaratdığı jandarm obrazını- məşhur Jan Valjandan heç də geri qalmayan Javeri gətirir Polis, milis, jandarm...Bu sözləri birləşdirən ilk anlam sözsüz ki, onların eyni vəzifəni-təhlükəsizliyi paylaşmalarıdır. Əlbəttə, baxır hansı ölkədə, sən Gürcüstanda bir cür, Azərbaycanda başqa cür polis ola bilərsən. Sadaladığım sözlər nədənsə ilk olaraq gözlərim önünə Viktor Hüqonun yaratdığı jandarm obrazını- məşhur Jan Valjandan heç də geri qalmayan Javeri gətirir. Vəzifə borcu ya ədalət seçimində qərarsızcasına intihar edən polis, jandarm və ya milis Javer *** Uşaqlıq illərimin keçdiyi məhəllədə gənclərin əksəriyyəti o vaxt “milis” adlanan “ qanun keşikçiləri”nə nifrət edirdi desəm, yanımaram. Bu nifrətli gənclərlə rayonumuzun kasıb ailələrin məskunlaşdığı bütün məhəllələrdə rastlaşmaq olardı. Onların əksəriyyəti sürücü, fəhlə kimi sadə peşələrin daşıyıcıları, ya da işsiz idilər. Rayonumuzda normal binalı cəmi bir məktəb var idi. (ötən əsrin 80-ci illərində!) Bu normal məktəb isə ilk növbədə imkanlı uşaqlara açıq idi. Yəni, gəncliyin böyük əksəriyyətinin savad probleminin olmasının tam obyektiv səbəbi vardı. Lakin sovet milisi onlardan həmişə qorxurdu. Bəlkədə ondan ki, bu gəncliyə heç cür komsomol andı içdirilməmişdi və onlar ideologiya-zad tanımırdılar. Əvəzində isə onların öz ideologiyası düşdükləri kiçik həbs müddətlərində, Rusiyanın ucqarlarında rus qızları ilə keçirdikləri azadlıqda formalaşırdı. Əlavə etsək ki, onlar həm də öz iş yerlərində daim yuxarı vəzifəlilərlə toqquşurdular demək böyük bir sosial təbəqəni-lümpenləri birləşdirən ümumi dəyərlər vardı. Milis hər zaman onları təqib edirdi. Hətta onların əyləncələrinə də mane olmağa çlışırdılar. İnanmazsınız, ilk dəfə dinlənməyi yasaq “Azadlıq” radiosunu da, SSRİ-də sıxılan Vsotsk mahnılarını da onlarla qulaq asmışam. Onları məhz buna görə də tuta bilərdilər. Məgər gənclik cılğınlıq deyilmi? Amma istər sovet istər indiki Azərbaycan cəmiyyətində insanların ölü şəkilində olması sabitliyi tələb olunur. Rayonda baş verən hər hansısa hadisəyə görə bu təbəqəyə mənsub gənclərin milisə çağrılıb işgəncəyə məruz qalmsı adi hal idi. Yüzlərlə günahsız, sadə gənc nahaq yerə o qədər cinayəti boynuna götürməli olub ki... Mən onlardan milisin tətbiq etdiyi cəza üsulları haqqında çox şey eşitmişəm. Elektrikə vermədən cinsi orqanların sıxılmasına qədər. Sovet milisi bizim məhəllənin gəncliyinin düşməni idi. O qədər milislərin məhəlləmizdən qovulduğunu görmüşəm ki...Gənclik milisə nifrət etməkdə haqlı idi. Çünki bilirdi ki, hansısa bir güc cəmiyyətin qoruyucusu vəzifəsini yerinə yetirmirsə ondan mütləq qorunmaq lazımdır. Onlar, xüsusilə Azərbaycan milisinin hansı əclaflıqlara malikliyini, baş verən oğurluq hadisələrinin, əksər cinayətlərin təşkilatçısı olduğunu çox gözəl bilirdilər. *** Əslində o dövrkü bütün Azərbaycan cəmiyyətində milisin müsbət imicli olmadığı hər kəsə məlum idi. Hətta yalan üzərində qurulmuş Azərbaycan sovet ədəbiyyatında da müsbət imicli milis obrzına rast gəlmək mümkün deyil. Baxmayaraq ki, rus, pribaltika xalqlarının sevimli milis obrazları vardı. Lakin görün Azərbaycan milisi nə qədər əxlaqsız dəyərə malik idi ki, onlardan hec cür ümumiləşmiş obraz yaratmaq mümkün olmamışdı. Bizim rayonda milisin xeyrdə-şərdə görünməsi demək olar ki, arzuolunmaz idi, çünki bu, insanlarda mənfi assosasiya yaradırdı. Məhəlləmizdə analar və nənələr yatmayan uşaqları əvvəlcə xortdanla qorxudurdular, bu effekt verməyəndə isə son çarəyə əl atırdılar : Yat, yoxsa milis gələcək *** Azadlıq hərəkatının ilk illərində xalq tərəfindən səslənən “Məni mənim milisimdən qoruyun” deyimi yəqin ki, çoxlarının yadındadır. Misir hadisələrinin ilk günlərində isə əvvəlcə polisin psixoloji xofu darmadağın edildi, sonra isə polisin özü. Artıq polis geyiminin özü belə xalqı qıcıqlandırır. Misirdə də itə daş atırdın polisə dəyirdi. Amma sonda misirlilər itə daş atınca ilk dəfə hədəfi düzgün müəyyənləşdirdilər. Bizim məhəllələrin gəncləri də ilk fürsətdəcə daşları hədəfə tuşladılar. 1989-cu ilin dekabrında Cəlilabadda ilk olaraq məhz milis binası yandırıldı. Milis rəisi bağbanın şalvarını geyinərək ikinci mərtəbədən atılıb qaçdı. Həmin vaxt 15 ilin rayon gəncliyinə gün verməyən milis səlahiyyətlisi özünün diri-diri dərisinin soyulacağını söyləmişdi. Çünki, neçə-neçə gəncin milis binasında döyülüb-öldürülməsində birbaşa rəhbər olmuşdu. Amma o, Javer deyildi, nəinki intihar etdi, hətta arvadını da qoyub qaçdı. Bu bədbəxt yəqin ki, heç vaxt “Səfilləri” oxumayıb. *** Bizim yazarlar Gürcüstan səfərindən ordakı polisin mədəniyyətinə heyranlıqlarla dönürlər. Polis vətəndaşa az qala ofsiant kimi xidmət edir. Polis qorxu yox, cəmiyyətə təhlükəsizlik və mehribanlıq bəxş edir. Gürcü polisi...O, sadəcə öz vəzifəsini icra edən vicdanlı Javerdir. *** Seymur Baycanın bizim polis haqqında bir necə yazı yazanda hələ diqqət vermədiyimiz bəzi pisixoloji məsələlərə toxundu. Məhz buradan polisimizi iliyinə qədər tanıya bilərik. Cəmiyyətdə heç nəyə yaramayanlar polis sisteminə üz tutur-Seymurun təkcə bu müşahidəsi indiyə qədər yazdığı romanlardan qat-qat güclü əsərini ortaya qoymağa çatar. Polisimizin düşüncə tərzi bizə hansı fəlakətdə yaşadığımızı aydınca göstərir. Burada isə bir məsələni də düşünmək gərəkir. Azərbaycan polisi nədən ədəbi mətnlərə gəlməsin. Bizim cəmiyyətdə hər şey məgər polis cildində deyilmi? Polis obrazı mütləq yaradılmalıdır. Onun nə qədər insanlığa yad ünsür olduğunu göstərməyin vaxtıdır. Qısası, polisin vətəndaş üzərində yaratdığı psixoloji qorxunu dağıtmağ üçün ədəbiyyat işə düşməlidir. Sahə müvəkkilinin qutab bişirən arvaddan hər gün haqq əvəzi 8 ədəd qutab almasından başlayıb sonuca qədər hədəfə çevirməli. Bu polis xofunu cəmiyyətdə darmadağın etmək lazımdır. Onun kim və nə olduğu ortaya qoyulmalıdır. Polis obrazı çəkilməlidir. Cəmiyyətimizin xof və qorxudan xilası üçün bu mütləq lazımdır. Polisi küçələrdən ədəbiyyata daşıyıb süzgəcdən keçirməyin vaxtıdır. Ən azı ona görə ki, xalqa hədələyici olaraq silkələnib yellədilən əlin bir barmağı da məhz polisdir. ** * Bizim rayonda kim polisdən qəzəblənirsə onun inzibati binasına baxıb belə deyir : yaxşı ki, bir dəfə buradan heyfimizi çıxmışıq. Rayonumuza həmişə yeni rəis gələndə stajlı polislər ilk olaraq 1989-da rəislərinin tullanıb qaçdığı pəncərəni göstərirlər. O binanın sözügedən pəncərəsi hələ də açıq saxlanılır.... Ədəbiyyatımızın pəncərəsini də gerşəkliyə açmaq vaxtıdır. Ən əsası polis xofunun sındırılması üçün.

